Bakılı tələbələr işğaldan azad olmuş kənddə

15 Aprel, 2019 18:44 | Sosial | Baxış sayı: 195
Bakı Slavyan Universitetinin tələbələri Cocuq Mərcanlıda
Bakı Slavyan Universitetinin tələbələri Cocuq Mərcanlıda

Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanıblar

Aprelin 15-də Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə pedoqoji təcrübəyə yollanıblar. BSU tələbələrini Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov, təcrübə rəhbəri kimi Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə müşaiyət ediblər. 

İstiPress-ə Bakı Slavyan Universitetinin təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov bildirib ki, 3 ixtisas üzrə 5 tələbə və 1 müəllim hazırda Cocuq Mərcanlı kəndindədirlər və artıq pedoqoji təcrübəyə başlayıblar: "Tələbələrə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva xeyir-dua verib. Təşəbbüs onundur. Məqsəd 3 il əvvəl Milli Ordumuzun şanlı qələbəsi nəticəsində işğaldan azad olunmuş və cənab prezidentimiz İlham Əliyevin birbaşa diqqət və nəzarətində olduğu bu kənd məktəbində şagirdlərin bilik səviyyəsinin artırılmasına öz töhfəmizi qatmaq olub".

Cocuq Mərcanlı tam orta məktəbinin direktoru Zamin Həziyev məktəbdə pedoqoji təcrübəyə gələn tələbələr üçün hər cür şərait olduğunu deyib və məktəblə onları tanış edib.

Cocuq Mərcanlıya yola düşən tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə təşkil etdiyinə görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gənc müəllimlər Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyi qürurverici hal kimi dəyərləndirərək Vətənimizin gələcəyi naminə çalışmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyiblər. Tələbələr bildiriblər ki, pedaqoji təcrübə Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsinə düşdüyü üçün Cocuq Mərcanlı kənd orta məktəbində vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirəcəklər.