Şəkidə xəstəxananın beş işçisi bu videoya görə işdən qovuldu VİDEO

15 Mart, 2019 09:29 | Sosial | Baxış sayı: 939
Şəki Rayon Mərkəzi Xəstəxanası
Şəki Rayon Mərkəzi Xəstəxanası

Baş həkim nahar fasiləsində video çəkən personala "məni bütün Azərbaycanda biabır etmisiniz" deyib

Şəki Rayon Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. Buna səbəb isə onların müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya qısa gülməli videoçarx hazırlamaları olub. 

Bu barədə aparıcı və prodüser Tarix Əliyev "İnstagram" hesabında yazıb.

O, işdən çıxarılan İlahə adlı tibb bacısı ilə danışıb. Tibb bacısının sözlərinə görə, video nahar fasiləsi zamanı çəkilib. 10 saniyəlik videonu o şəxsi "Instagram" və "WhatsApp" hesablarından paylaşıb. Ayın 6-da isə onlara zəng edərək xəstəxanaya, baş həkimin birbaşa yanına çağırıblar. Elçin Əmirov adlı baş həkim çəkilən videoya görə bütün ölkədə biabır olduğunu deyərək beş nəfərdən könüllü şəkildə ərizə yazmaqlarını tələb edib. "Dedi videonu kim çəkib? Dedim mən. Hamımızın ailə vəziyyəti yaxşı deyil. O qədər ağladıq ki... Ya özünüz könüllü ərizə yazacaqsız, ya da sizi elə "statya" ilə çıxaracam ki, heç yerdə iş tapmayacaqsız". 

Onun sözlərinə görə, nə qədər yalvarıb, göz yaşı töksələr də baş həkim geri addım atmayıb. Hətta xəstəxananın bütün heyəti personal üçün E.Əmirova müraciət ediblər ki, ən azı töhmət verilsin. Lakin baş həkim "onlar üçün heç kim mənim yanıma gəlməsin" deyib. Nahar vaxtı çəkilən videoda yer alanlar tibb bacıları, bufetçi və xadimələr olub.