Nazirlik mahnıya görə işdən qovulan xəstəxana işçiləri haqda: "Məhkəməyə getsin"

15 Mart, 2019 15:04 | Sosial | Baxış sayı: 197
İşdən çıxarılanlar
İşdən çıxarılanlar

Səhiyyə Nazirliyi işçi müdir arasındakı davanın televiziyada həll edilməyəcəyini deyib

“Biz hüquqi dövlətdə yaşayırıq. Videoda qabaqda oxuyan xanım öz ərizəsi ilə işdən ayrılıb. Əgər hesab edirsə ki, o ərizəni ondan məcburi alıblar məhkəməyə getsin".

Bunu müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli video hazırladıqları üçün işdən qovulan Şəki Mərkəzi Xəstəxanasının heyəti ilə bağlı məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin rəsmisi deyib. Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov qeyd edib ki, hər hansı bir müəssisənin işçisi ilə müdir arasındakı problem həmişə məhkəmədə həll olunub, televiziyada yox.

"Əgər məqsədi həqiqətən işə qayıtmaqdırsa, həmin xanım məhkəməyə müraciət etməlidir. Bildirməlidir ki, hüquqları tapdalanır. Məhkəmə qərarı ilə də işə bərpa olunmalıdır. Ancaq məşhurlaşmaq istəyirsə, videonu belə internetdə, televiziyada yaya bilər.

Bu məsələnin nazirliyə heç bir aidiyyatı yoxdur. Çünki Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi və 1400 işçisi var. O işçilərlə rəhbərin münasibətində münaqişə yaranırsa, problem hüquq müstəvisində həll olunmalıdır. Etik davranış normaları var. İşçi iş vaxtı elə edirsə, müəyyən tənbehlər nəzərdə tutulur”. /qafqazinfo/