Azərbaycanda tələbələr üçün ucuz yataqxanalar tikiləcək

15 Mart, 2019 18:35 | Sosial | Baxış sayı: 47
Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncədə 2016-cı ildə istifadəyə verilmiş yataqxanası
Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncədə 2016-cı ildə istifadəyə verilmiş yataqxanası

Milli Məclidə on minlərlə tələbənin yataqxanalara ehtiyacı olduğu bildirilib

Milli Məclisin sədr müavini Valeh Ələsgərov təhsil müəssisələrində oxuyan tələblərin yataqxana probleminə toxunub.

İstiPress-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı V.Ələsgərov bu gün Azərbaycanda on minlərlə tələbənin yataqxanalara ehtiyacının olduğunu bildirib. Sədr müavini bu məsələnin həlli yolunu təklif edib.

“Biz 2016-ci ildə “Tik-idarə et-təhvil ver” modelini qəbul etdik. Bu, bütün dünyada geniş yayılmış bir üsuldur və bundan istifadə edərək hava limanları, yollar, körpülər tikilir. Bu qanuna lazım olan dəyişiklikləri etsək, ona uyğun qaydalar, normativ aktlar hazırlasaq, şəhərciklərin tikilməsi və lazımi səviyyədə istismarı üçün qanunvericilik bazasını yarada bilərik. Bunlar hazır olandan sonra Təhsil Nazirliyi müvafiq qaydaları müəyyən edir, həmin qaydalara uyğun tenderlər keçirilir və şəxsi mülkiyyətdə olan şirkətlər o tenderdə iştirak edərək qalib gəlir və həmin şirkətlər yataqxana tikə bilər, onları istismar edə bilər və bizim tələbələr üçün yetərincə yüksək səviyyədə şərait yaradaraq onların oxuması və yaşaması üçün şərait yarada bilərik”, - deyə V.Ələsgərov vurğulayıb.

Milli Məclisin sədr müavini bu yataqxanaların tikintisi üçün maliyyə mənbəyi tapmaqla bağlı təkliflərini də irəli sürüb. Sədr müavininin sözlərinə görə, dövlət bu yükü öz üzərinə götürsə, qısa bir müddətdə həll edə bilməyəcək.

“Biznes strukturlarını bu işə cəlb etsək və onlara müvafiq şərait yaratsaq, əminəm ki, qısa müddətdə 100% olmasa da, yüksək keyfiyyətli kampusların yaradılmasına nail ola bilərik. Maliyyə tərəfi həll olunursa, dövlət də buna dəstək verə bilər. Belə ki, torpaq sahəsi pulsuz şəkildə qalib şirkətə verilsə, əgər qalib gələn şirkət inşaat zamanı və bundan sonra istismar zamanı vergi və başqa yığımlara cəlb olunmasa, bu zaman tələbələr üçün aylıq ödəniş haqqı yetərincə aşağı olan, yüksək standartlara uyğun tələbə yataqxanaları yarada bilərik. Bu, həll oluna bilən məsələdir. Ona görə də təklif edirəm ki bu barədə düşünək, bu problemi yerindən tərpədək”, - deyə V.Ələsgərov vurğulayıb.