Sabah sınaq günüdür

15 Fevral, 2020 13:59 | Sosial | Baxış sayı: 72
İmtahan
İmtahan

İmtahan 3 saat davam edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanında iştirak etmək üçün 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq. Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və “cavab kartları” abituriyentlərdən təhvil alınır.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.