Azərbaycanda “donuz qripi” qorxusu - 2 nəfər öldü

15 Yanvar, 2020 14:53 | Sosial | Baxış sayı: 322

Ötən il H1N1 virusu ilə müalicə alanlar olub

Yeni ilin ilk günlərindən Gürcüstanda donuz qripi kimi tanınan A (H1N1) virusuna yoluxma halları qeydə alınıb, məlumatlarda iki nəfərin bu virusdan öldüyü bildirilir. Ermənistanda isə yanvarın 11-dək qrip virusu diaqnozu ilə 668 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb. 

Azərbaycan Turizm Bürosu isə ölkədəki turizm şirkətlərinə Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar xəbərdarlıq edib. Xəbərdarlıqda Uxan şəhərinə səfər edən azərbaycanlı turistlərin diqqətli olması barədə təlimat verilib. İndiyədək bu virusa 41 nəfər yoluxub, iki nəfər ölüb. 

İstiPress-in məlumatına görə, Azərbaycanda isə H1N1 virusunun yayılması ilə bağlı müxtəlif məlumatlar verilir. Sosial şəbəkələrdə yüksək hərarət, baş ağrısı, halsızlıqla müşahidə edilən virusun yayıldığı haqda çoxsaylı xəbərlərə rast gəlinir. Lakin Səhiyyə Nazirliyi yeni ildə Azərbaycanda “donuz qripi”nə yoluxma hallarının qeydə alınmadığını açıqlayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. 

Yanvarın 15-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 nəfərin ölməsi xəbərləri də ölkədə “donuz qripi” virusunun olduğuna dair ehtimalları çoxaldıb.  Belə ki, Lerik rayon sakini 41 yaşlı Azad Qafarov, Binəqədi rayon sakini 35 yaşlı Rəşad Qəniyev ötən gün müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda ölüb. 

İnstitutun direktoru Həqiqət Qədirova isə virtualaz.org-a bildirib ki, hər iki şəxs ağır vəziyyətdə olub, amma onların “donuz qripi”nə yoluxmaları ilə bağlı yazılanlar doğru deyil: “Vəfat edən xəstələrin vəziyyəti ağır olub,  göstərilən tibbi yardımlara baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb”,-direktor deyib. 

Qədirova əlavə edib ki, ötən il H1N1 virusu ilə müalicə alanlar olub. Lakin bu il ərzində “donuz qripi” şübhəsi ilə müraciət daxil olmayıb: “Xəstəxananın nəzdində xüsusi  palatalar var, virusa yoluxmada şübhəli bilinən xəstələr xüsusi palatalarda yerləşdirilir. Mövsümü qrip virusuna yoluxmalar var, amma H1N1 virusu qeydə alınmayıb”.  

Xatırladaq ki, ötən ilin fevralında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ölkəmizdə 16 nəfərdə A(H1N1) virusun qeydə alındığını açıqlamışdı. Həmin şəxslər vaxtında müalicə olunduğundan ölüm baş verməyib.  

ÜST-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fənarə Bünyadzadə virtualaz.org-a bildirib ki, yaxın günlərdə təşkilatın Azərbaycanda qrip virusu ilə bağlı vəziyyətə dair açıqlaması olacaq: “Hələlik dəqiqləşdirmələr aparılır, nəticələr hazır olandan sonra məlumat ictimaiyyətə açıqlanacaq”. 

Bünyadzadə ilkin nəticələr haqda məlumat verməkdən imtina edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğumuza yaxın saatlarda cavab verəcəklərini deyiblər.