Tanınmış şair vəfat etdi

14 Noyabr, 2019 15:46 | Sosial | Baxış sayı: 179
Şamxal Rüstəm
Şamxal Rüstəm

Son illər anadan olduğu rayonda yaşayıb

Şair Şamxal Rüstəm vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə şairin yaxınları sosial şəbəkə hesabında bildiriblər.

Şamxal Rüstəm son illər anadan olduğu Şəmkir rayonunda yaşayıb və orada vəfat edib.

Qeyd edək ki, şair bir sıra xəstəliklərdən əziyyət çəkib və daha çox ədəbiyyat insanları arasında həcvləri ilə məşhur olub.

Allah rəhmət eləsin!

***
Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız
Sənəminmi...
Eh, qəlbini qırdığım nə bilim,
yüzmü, minmi,
Bircə biləydim məni
kimin qarğışı tutdu.
            
Yetməmişəm çətində
çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz,
bəla hər başı tutmaz. 
Süd əmmişəm döşündən,
ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin
qarğışı tutdu.

 

***
Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!

Gedirik - gözlərdə yaş gilə - gilə,
Dönürük - arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!

Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu yazaq:
Amandır, biz gələn yerə gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!