Dini liderlərin Bakı Sammiti “Quran"dan ayələrlə başladı
Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib.
Sammitdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill çıxış ediblər.
Patriarx Kirill də Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.
Saat 11:55
Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Saat 09:17
Bu gün Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlayır.
Prezident İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edir.
Sammitdə Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.