Bakı Metropolitenindən mühüm açıqlama

14 Oktyabr, 2017 16:10 | Sosial | Baxış sayı: 600
Metro
Metro

Qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var

"Bakı Metropoliteni" QSC, sərnişinlərin axşam pik saatda qatarların hansı səbəbdən depoya getməsi ilə bağlı suala cavab verib. İstiPress-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, axşam və ya qeyri-vaxtlarda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var.

"Depo istiqamətində "Bakmil" stansiyası var və oraya da sərnişinlər gedib-gəlirlər. Texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir və pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir" — o bildirib.

Paşayev əlavə edib ki, bu 3 səbəb birləşdirilərək, gün ərzində depo istiqamətinə 63 qatar gedir: "Bunun üçün saytımızda aidiyyatı bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir. Qeyd edim ki, bu, qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi halları da mövcuddur".