Ayın sonuna qədər qüvvədə olacaq məhdudiyyətlər - NAZİRLƏR KABİNETİ

14 Sentyabr, 2020 11:20 | Sosial | Baxış sayı: 96
Nazirlər Kabineti
Nazirlər Kabineti

Azərbaycan Nazirlər Kabinetinin 12 sentyabr tarixli sərəncamına uyğun olaraq 14 sentyabr saat 06:00-dan etibarən Bakı Metropoliteninin fəaliyyəti bərpa edilib.

İstiPress Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə ictimai iaşə obyektlərinin fəaliyyətinə də icazə verilir.

Həmçinin, sərəncama uyğun olaraq 30 sentyabr tarixinədək şənbə və bazar günlərində bütün ictimai nəqliyyat növlərinin hərəkəti dayandırılır.

30 sentyabr tarixinədək xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə aşağıdakı sahələlərdə məhdudiyyətlər qüvvədə qalır:

- yük daşınması istisna olmaqla, quru və hava yolu ilə ölkə ərazisinə giriş;

- ölkənin şəhərləri və rayonları arasında quru və hava nəqliyyatı ilə sərnişin daşınması;

- ASAN xidmət və DOST mərkəzləri istisna olunmaqla dövlət orqanlarında vətəndaşların qrup şəklində və ayrı-ayrılıqda qəbulu;

- dəfn istisna olmaqla, mərasim salonlarında, çadırlarda və digər qapalı yerlərdə matəm mərasimləri daxil olmaqla dini ayin xidmətlərinin təşkili və aparılması;

-  idman yarışları və açıq oyun daxil olmaqla bütün kütləvi tədbirlərin, o cümlədən mədəni və idman tədbirlərinin  keçirilməsi (tamaşaçıların iştirakı olmadan keçirilən açıq idman yarışları istisna olmaqla);

- müştərinin evində və ya digər yerlərdə ad günü, toy, nişan və bənzər mərasimlər daxil olmaqla tədbirlərin təşkili üçün xidmətlər;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə 10 nəfərdən çox qrup şəklində toplaşmaq (yaxın qohumlar, yəni ata, ana, baba, nənə, uşaqlar, qardaşlar, bacılar istisna olmaqla);

- əyləncə obyektlərinin, o cümlədən uşaq əyləncə müəssisələrinin fəaliyyəti (bulvar və parkların ərazisi daxil olmaqla);

- muzeylər və sərgi salonları istisna olmaqla, digər mədəniyyət sahələrinin, həmçinin kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- böyük ticarət mərkəzlərində uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və iaşə obyektlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində qəlyan istifadəsi;

- tibb müəssisələrində müalicə alan şəxsləri onların yaxınlarının ziyarət etməsi;

- idman, sağlamlıq və istirahət xidmətləri (bu sahədəki tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi.

Bakı, Sumqayıt və Abşeron bölgələrində xüsusi karantin rejimi zamanı əlavə olaraq aşağıdakı məhdudiyyətlər tətbiq olunur:

- ərazilərində yerləşən ərzaq mağazaları və apteklər istisna olmaqla, böyük ticarət mərkəzlərinin fəaliyyəti;

- 00: 00-dan 09: 00-a qədər iaşə obyektlərində, həmçinin restoranlarda, kafelərdə, çay evlərində və digər bu kimi yerlərdə müştərilərə xidmət göstərilməsi, qəlyan istifadəsi  və 6 nəfərdən çox insanın bir masaya yerləşdirilməsi qadağan edilir;

- 10-dan çox insanın iştirakı ilə təlim və repetitor xidmətlərinin göstərilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunlarının təşkili üçün qurğuların fəaliyyəti;

- 19 sentyabr saat 00: 00-dan 21 sentyabr 2020-ci il tarixinədək, 26 sentyabr 00: 00-dan 28 sentyabr 2020-ci ilədək 06: 00-a qədər metro da daxil olmaqla ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu fərmanda göstərilən məhdudiyyətlər xaricində bütün iş, xidmətlər və s. sahələrdə fəaliyyətlərə icazə verilir.