Cərimə yazan PPX işçiləri öz iş yerlərinə qaytarıldı

14 Sentyabr, 2019 16:06 | Sosial | Baxış sayı: 184
PPX
PPX

Baş Polis İdarəsindən piyadalara cərimə yazan polislərlə bağlı açıqlama

Post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil edilən naryadların fəaliyyətinə xitam verilməklə əvvəlki iş yerlərinə qaytarılıb. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir.

“Yollarda müşahidə olunan neqativ sosial hallar – piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur. Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Bu, doğmalarımızın göz yaşına dəyərmi? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir”, - deyə E.Hacıyev vurğulayıb.