Yeni dərs ilinə tam hazır 86 məktəb

14 Sentyabr, 2018 16:27 | Sosial | Baxış sayı: 133
Qusarda  Cağar kənd məktəbi
Qusarda Cağar kənd məktəbi

Təhsil Nazirliyinə və digər aidiyyatı mərkəzi qurumlara bir neçə dəfə müraciət edib

Qusarda 86 məktəb yeni dərs ilinə tam hazırdır. İstiPress-in şimal bürosuna Qusar icra hakimiyyəti başçısının müavini Elman Mustafayev bu barədə danışıb.

Onun sözlərinə görə, son 10 ildə rayonda 50 məktəb yenidən inşa edilib, yenidən qurulub. Onlardan bir neçəsi modul tipli layihə üzrə yenilənib. İcra rəsmisi hazırda rayonun Ləcət, Yeni Həyat və Zindanmuruqqışlaq kənd məktəbləri üçün modul binaların qurulmaqda olduğunu deyərək təhlükəli və bərbad vəziyyətdə olan məktəblərin  hələ də qaldığını deyib.

Elman Mustafayev bildirib ki, dağlıq zonada yerləşən Cağar kənd məktəbi sovet dövründən uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Yeni dərs ili ərəfəsində bu təhsil ocağının qəzalı binasına cüzi əl gəzdirilsə də yeni bina inşa edilməsinə ehtiyac var.

Bundan əlavə, Qusarın Şirvanlı, Quxuroba və Yasab kənd məktəblərinin binalarının da yenidən qurulmasına və əsaslı bərpa edilməsinə ciddi  zərurət var. Bu məqsədlə Qusar icra hakimiyyəti Təhsil Nazirliyinə və digər aidiyyatı mərkəzi qurumlara bir neçə dəfə müraciət edib və bu istiqamətdə işləri davam etdirilir. Çünki qeyd edilən məktəblərin yenidən qurulması ləngiyərsə, qarşıdakı illərdə bu təhsil ocaqlarında dərs keçmək daha da çətinləşəcək.