Prezident müəllim və şagirlərlə görüşdü FOTOLAR

14 Sentyabr, 2018 12:02 | Sosial | Baxış sayı: 33
Prezident müəllim və şagirdlərlə görüşdü
Prezident müəllim və şagirdlərlə görüşdü

Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışı olub

Bu gün Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbin direktoru Qənirə Əmircanova prezidentə məktəb binasında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

Sonra dövlət başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.

Təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.