Azərbaycanda bu sözlərin yazılışı dəyişir SİYAHI, YENİLƏNİB

14 Sentyabr, 2018 11:30 | Sosial | Baxış sayı: 427
Yeni əlifba
Yeni əlifba

Qoşa samitlə bitən sözlər bundan sonra belə yazılacaq

Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

1. Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: ssenari, ssuda.

Təklif olunan variant: senari, suda.

2. Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.

Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

3. Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s

4. Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya, və s

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

6. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi

7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

Saat 08:40

Azərbaycanda bəzi sözlərin yazılış qaydası dəyişib. Bu barədə Orfoqrafiya Komissiyasının iclasında qərar qəbul edilib. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s. /report/