Azərbaycanda bilik gününə tam hazır olmayan məktəblər

14 Sentyabr, 2017 18:01 | Sosial | Baxış sayı: 167
Qusarda məktəb tikintisi
Qusarda məktəb tikintisi

Problemin həlli məqsədilə icra hakimiyyəti yenidən Təhsil Nazirliyi qarşısında məsələ qaldıracaq

Qusarda son 13 ildə 44 yeni məktəb binası inşa edilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib.

Bunu İstiPress-in şimal bürosunun bilik günü ərəfəsində Qusar icra hakimiyyəti başçınının müavini Elman Mustafayev rayonda təhsil ocaqlarının vəziyyəti ilə bağlı sorğusunu cavablandırarkən deyib.

Cənab Mustafayev bununla belə rayonda acınacaqlı vəziyyətdə olan təhsil ocaqlarının hələ də qaldığını deyib. Onun sözlərinə görə, Yasab, Quxuroba  və Şirvanovka məktəblərinin binası təhlükəli və yararsız  halda olan təhsil ocaqlarındandır. Rayonda uyğunlaşdırılmış binalarda yerləşən Cağar, Cibir, Kuzunqışlaq, Zuxul və Yuxarı Tahircal kənd məktəblərinin yenilənməsinə də ehtiyac var.

İcra rəsmisi Zuxul, Cağar, Yuxarı Tahircal kəndlərində üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulsa da, problemin bu dərs ilinə həll olunmadığını dedi.

Elman Mustafayev məlumat verdi ki, qəzalı və yenilənməsinə ehtiyac duyulan məktəblər barədə Təhsil Nazirliyi də məlumatlıdır və təhsil ocaqlarına yerində baxış keçirilib.

Problemin həlli məqsədilə icra hakimiyyəti yenidən Təhsil Nazirliyi qarşısında məsələ qaldıracaq.