Bu gün "Son zəng"dir

14 İyun, 2019 08:15 | Sosial | Baxış sayı: 40
"Son zəng"
"Son zəng"

80 514 şagird bu il məktəblə birdəfəlik vidalaşır

Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

Həmçinin ölkə üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.

Bundan başqa, yeni tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilməlidir. Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər. 

Azərbaycanın məktəblərində “Son zəng” iyunun 14-də təşkil olunur. Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.