Nazir məktəblərdə proqramın tez bitməsinə rəy bildirib

14 İyun, 2018 17:51 | Sosial | Baxış sayı: 212
Ceyhun Bayramov
Ceyhun Bayramov

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının tədris ilinin sona çatmasından, yəni iyunun 14-dən daha əvvəl bitməsinə münasibət bildirib.

İstiPress-in məlumatına görə, C.Bayramov bildirib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanan dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb:

"Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanan dərsliklərlə bağlı xüsusi tövsiyələr hazırlayıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilib".

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.