Azərbaycanın ən yeni kəndində ilk son zəng

14 İyun, 2018 19:39 | Sosial | Baxış sayı: 429
Palıdlı kəndində son zəng
Palıdlı kəndində son zəng

Bu gün ölkədə orta ümumtəhsil məktəblərində 83001 nəfər məzuna çalınan son zəng Xaçmazın Palıdlı kəndindəki orta məktəbdə də çalınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyilə inşa edilən məktəbi bu il 6 nəfər 11-ci sinfi bitirir. Keçirilən təntənəli mərasimdə məzunlara uğurlar arzulanıb.

Qeyd edək ki, Palıdlı kəndi vaxtilə Azərbaycan vətəndaşlığını qəbul eləmək istəməyən Rusiya vətəndaşlarının yaşadığı Xraxoba kəndinin bazasında inşa edilib.

Palıdlı kəndində son zəng
Palıdlı kəndində son zəng

130 nəfər şagirdi olan məktəbə istifadəyə verilən zaman Heydər Əliyev Fondu tərəfindən 11 kompüter hədiyyə edilib. Amma son 5 ildə bu kompüterlərin qatı belə açılmayıb. Məktəbin informatika kabinəsində 11 kompüterin  istifadə edilməmiş qalması məktəbin şagird və müəllim kollektivini ciddi narahat edir. Palıdlı məktəbinin direktoru Səhman Əliyev ümid edir ki, yeni dərs ilində olsa belə dünyaya çıxışı olan bu avadanlıqdan istifadə edə biləcəklər.

Palıdlı kəndi 5 ildir istifadəyə verilsə də bu yaşayış məntəqəsi telefonlaşdırılmayıb. Dəfələrlə rayon telekommunikasiya qovşağına müraciət edilsə də problemin həllinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində olduğu deyilib.

Xaçmaz rayon telekommunikasiya qovşağının rəisi Azim Davıdov İstiPress-ə Palıdlı kəndindəki rabitə problemindən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, kənddən 42 sakin adından mənzillərinə telefon xətti çəkilməsindən ötrü müraciət daxil olub və müraciət nazirliyə göndərilib. Bu ilin sonunacan Palıdlı kəndinə telefon xətti çəkilməsi sona çatacaq. Telefonlaşmadan sonra kəndə internet də veriləcək. 

Palıdlı kəndində son zəng
Palıdlı kəndində son zəng