Azərbaycanda 6 ayda 846 əkiz doğulub

14 İyun, 2018 11:20 | Sosial | Baxış sayı: 25
Əkizlər
Əkizlər

Oğlanların sayı yenə çoxdur

Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm dünyaya gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. 

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9923103 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı qeydə alınıb. 2018-ci ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub./report/