On ildə boşanmalar 5 dəfə artıb

14 Aprel, 2018 14:35 | Sosial | Baxış sayı: 105
Boşanmağa gedən çütlük
Boşanmağa gedən çütlük

Son on ildə Azərbaycanda boşanmaların sayı beş dəfə çoxalıb. Çünki ölkədə milli-mənəvi dəyərlərin deqradasiyası müşahidə olunur.

IstiPress-in məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov “Amerikanın səsi”nə müsahibəsində bildirib.

Ölkədəki demoqrafik durum və problemlərdən danışan mütəxəssis qeyd edib ki, demoqrafik inkişaf olsa da, boşanmaların sayında kəskin artım var.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.

Rəsmi statistikaya görə, 2017-ci ilin 10 ayında ölkədə 52 min 61 nikah bağlanıb. Həmin dövr ərzində 12 min 191 boşanma qeydə alınıb.