Milli Məclisin işçiləri üçün Bakının mərkəzində "qırğın" başladı - VİDEO, FOTOLAR

14 Aprel, 2017 15:32 | Sosial | Baxış sayı: 824
Bakıda yaşıllıqlar məhv edilir
Bakıda yaşıllıqlar məhv edilir

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalar aparır

Bakının əfsanəvi məkanlarından biri “Ovçular evi” söküldükdən sonra binanın yerləşdiyi ərazidə yaşıllığın məhv edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

İstiPress-in hadisə yerində olan əməkdaşı iri gövdəli ağacların necə kəsildiyini lentə alıb.

Kadrlardan da görünür ki, Bakının mərkəzində yenə “yaşıl soyqırımı” gedir, ağaclar kəsilir, yerində tikinti işləri aparılır.

Paytaxtda ağacların qırılması əslində yeni hadisə olmasa da, bu dəfə vəziyyət bir az fərqlidir. İstiPress-in Yasamal rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, cəmiyyətin sökülən binasının yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə saytımıza açıqlamasında bildirib ki, həmin ərazidə yaşayış binası millət vəkilləri üçün deyil, Milli Məclisin işçiləri üçün tikilir.

Onun sözlərinə görə, yaşayış binasındakı mənzillər MM əməkdaşları üçün güzəştli yollarla veriləcək.

Binanın hansı şirkət tərəfindən tikildiyi, yaşıllıqların hansı şirkət tərəfindən məhv edildiyi hələlik məlum olmasa da, Bakının mərkəzində bu “soyqırım”ın həyata keçirilməsi müvafiq dövlət qurumlarının gözündən yayına bilməz.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ı verilən məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları araşdırma aparır və yaxın günlərdə nəticələr barədə məlumat veriləcək.

Millət vəkilləri də ağacların qırılmasından narahatdırlar.

Millət vəkili Fazil Mustafa İstiPress-ə deyib ki, hansısa tikintinin aparılması məqsədilə yaşıllığın məhv edilməsi çox təhlükəlidir.

“Bu məsələdə hər kəs diqqətli olmalıdır. Ağac əkmək lazımdır. Kəsməyə nə var ki... Ağacı əkib böyütmək uzun illər tələb edir”, - deyə Fazil Mustafa bildirib.

Deputat Vahid Əhmədov da hesab edir ki, ağaclar qeyri-qanuni kəsilirsə, bunu həyata keçirən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır.

“Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar dövlət başçısı tərəfindən dəfələrlə ciddi irad tutulub. Ona görə də müvafiq qurumlar bunun qarşısını almalıdır. Qeyri-qanuni şəkildə yaşıllıqları məhv edənlər sərt cəzalandırılmalıdır”, - deyə Vahid Əhmədov bildirib.

Millət vəkilinin də qeyd etdiyi kimi, dövlət başçısı yaşıllıqların məhv edilməsinə qarşı çıxıb. Hətta prezident İlham Əliyev ağaclar məhv edilməsi deyə dövlət əhəmiyyətli layihəyə yerində dəyişiklik edib.

Belə ki, 2014-cü ilin may ayında prezident İlham Əliyev Ağdaş rayonuna səfəri zamanı Ləki Dəmiryol Vağzalının yeni binasının açılışında iştirak edərkən, ona Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilmişdi.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.

Z.Məmmədovun təqdimatına reaksiya verən İ.Əliyev nazirin sözünü kəsərək belə demişdi: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm...”

İndi görünən budur ki, məmurlar prezidentin gedib görmədiyi yerlərdə istənilən yaşıllığı məhv edərək istədikləri işləri görə bilərlər.

Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ağac əkir
Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ağac əkir

Ümummilli lider Heydər Əliyev də hakimiyyətdə olduğu müddətdə yaşıllıqların qorunması istiqamətində işlər görüb, məmurlara xəbərdarlıq edirdi.

Dəfələrlə ağacəkmə kampaniyasında iştirak edən Heydər Əliyev təbiətə zərər vuranları düşmən olaraq gördüyünü bəyan edirdi:

“…Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.”