Bu bazar 33054 şagirdin biliyi yoxlanılacaq

14 Mart, 2019 09:47 | Sosial | Baxış sayı: 30
İmtahan
İmtahan

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu həftə ölkənin 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

Martın 17-də ümumilikdə 33054 şagirdin imtahan verməsi nəzərdə tutulub. İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 16-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.