Xaçmazlıların sevinci yarımçıq qaldı, 3 ay qabaq qazdılar, amma... FOTOLAR

14 Mart, 2018 16:03 | Sosial | Baxış sayı: 441
Üç ay əvvəl başlayan təmirdən sonra küçənin vəziyyəti
Üç ay əvvəl başlayan təmirdən sonra küçənin vəziyyəti

Yollar keçilməz oldu, texnika sınıb qaldı

Xaçmazda üç ay əvvəl başlayan təmir işləri sakinlərin sevincini yarımçıq qoydu. İstiPress-in Şimal bürosunun məlumatına görə, rayonda aylar öncə kanalizasiya sisteminin çəkilişi başlayıb. Lakin borular çəkilən zaman qazılan küçələri təmir etmək deyəsən yaddan çıxıb.

Rayon mərkəzində qazılan küçələr yağıntılı hava şəraitindən sonra tamamilə bərbad vəziyyətə düşüb. Xüsusilə Asəf Zeynallı və ətraf küçələrdə vəziyyət daha kritikdir. İstiPress-ə müraciət edən sakinlərinin sözlərinə görə, küçələr üç ay öncə qazılıb, amma indi dağıdılan küçəlrədən nə piyadalar, nə də maşınlar keçə bilir. Hətta bir aydan çoxdur ki, burada qazıntı işləri aparan texnikadan biri də xarab olaraq qalıb. 

Qazıntı zamanı yaranmış iri gölməçə və çuxurlar hərəkətə ciddi maneə yaradır. Bu barədə müvafiq qurumlara müraciət edilsə də, heç bir dəyişiklik olmayıb. 

Xaçmaz İcra Hakimiyyəti rəhbərinin müavini Bəxtiyar Osmanov faktın araşdırılıb təcili tədbir görülməsi üçün müvafiq təşkilata tapşırıq veriləcəyini deyib.

"Azərsu" ASC-nin sifarişilə Xaçmazda kanalizasiya çəkilişini həyata keçirən tikinti təşkilatının nümayəndəsi Təbriz Rəhimov isə sözügedən küçədə gecikmənin obyektiv səbəblərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, tezliklə Asəf Zeynallı və ətraf küçələrin abadlaşaraq bərpa edilməsi işlərinə başlanılacaq. Xarab olan texnika isə bir neçə günə ərazidən götürüləcək.