Polis narkomaniya əleyhinə tədbir keçirdi

14 Fevral, 2018 17:34 | Sosial | Baxış sayı: 127
Azərbaycan polisi
Azərbaycan polisi

Şabran rayonunun Pirəmsən kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda rayon polis şöbəsinin və veteranlar şurasının təşkilatçılığı, rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Şabran rayon nümayəndəsinin, məktəbin pedaqoji və yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

İstiPress-in şimçal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin baş inspektoru, polis mayoru Eldar Ömərov ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqda şagirdlərə məlumat verərək, bu yola düşən şəxslərin öz həyatlarını məhv etmələri, gələcəklərini ağ ölümə qurban vermələri və düçar olduqları bəlanın fəsadları barədə söhbət açıb. Qeyd olunub ki, belə həssas mövzularda gənclər daima diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, şübhələndikləri, bilmədikləri mövzular barəsində mütləq valideynlərindən, yaxud müəllimlərindən soruşub, öyrənməlidirlər.

Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov gənclərə həyatın dəyərli olduğunu, gənc vaxtlarında özlərini qorumağı və sonu olmayan ağ ölumdən uzaq durmalarının vacibliyini bildirib. Qeyd edib ki, narkotik vasitələrdən istifadə edən şəxslər ailədən, cəmiyyətdən, normal həyatdan uzaq düşür və nəticədə heç kimə lazım olmamaq faciəsi ilə üzləşirlər.