Ən çox aldadan tikinti şirkətlərinin adları açıqlandı SİYAHI

14 Fevral, 2018 11:00 | Sosial | Baxış sayı: 796
Tikinti
Tikinti

Onların arasında “AAAF Park”, “Bağçalı evlər” kimi tanınmış MTK-lar da var

Azərbaycan Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb. Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu siyahını təqdim edib. 

Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub: “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və s. 

"Bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər.

Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb".

Onun sözlərinə görə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb.  Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.