Sabahkı hava narahatçılıq yaradacaq

13 Oktyabr, 2017 12:56 | Sosial | Baxış sayı: 125
Yağış
Yağış

Yağış yağmasa da, çiskin gözlənilir

Şənbə günü ölkə ərazisində buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə,  oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.