Dərslik qalmaqalı AMEA və Tarix İnstitutunu üz-üzə qoydu

13 Oktyabr, 2017 17:14 | Sosial | Baxış sayı: 97
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

"Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən xəbərə görə, bəyanatda deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir.

"Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir", - deyə açıqlamada bildirilir.