Ən çətin həkim peşəsinin xoş günü

13 Sentyabr, 2018 17:33 | Sosial | Baxış sayı: 251
Təcili yardım maşını
Təcili yardım maşını

120 min əhaliyə xidmət göstərən 27 tibb işçisi

Bu gün Ümumdünya İlk Tibbi Yardım günüdür. Əsası 1881-ci il dekabrın 8-də Vyanada qoyulan gün orada yanğından ölən və yaralananların sayı çox olduğundan təcili tibbi yardım göstərilməsi zərurətindən yaranıb. Azərbaycanda da ilk olaraq təcili tibbi yardım xidməti Nobel qardaşları dövründə təşkil edilib, neft buruqlarında çalışan fəhlələrə tibbi yardım göstərilməsinə başlanılıb, xidmət at arabaları və karetalarla göstərilib. 1918-ci ilin iyun ayının 17-də Səhiyyə Nazirliyi yarananda insanlara ilk yardım edən təcili  tibbi xidmət stansiyaları da formalaşmağa başlayıb.

İstiPress olaraq şimal bölgəsində 120 min əhaliyə xidmət göstərən Xaçmaz təcili tibbi yardım stansiyasında işləyənlərlə söhbətləşdik. Stansiyanın baş həkimi Kavus Əliyev məlumat verdi ki, Xaçmaz sakinlərinə stansiyanın 7 nəfər həkim, 20 nəfər tibb bacısı və qardaşı, 5 nəfər dispetçer, 16  nəfər sürücüdən ibarət kollektivi xidmət göstərir.

Onun sözlərinə görə, stansiyanın balansında 12 ədəd müxtəlif markalı tibbi yardım avtomobilləri istifadədir. Dərman preparatları ilə təminatda və nəqliyyatla bağlı Xaçmaz təcili tibbi yardım stansiyasında heç bir problem olmadığını söyləyən baş həkim Kavus Əliyev söylədi ki, yalnız ixtisaslı kadr sarıdan problem mövcuddur: "Əslində, stansiyamızda 18 həkim olmalıdır, bizdə 11 nəfər təcili yardım həkimi çatışmır. Səhiyyə Nazirliyi də bu barədə məlumatlıdır, ümid edirik ki, Xaçmaz təcili yardım stansiyasında müşahidə olunan həkim çatışmazlığını nazirlik müsbət həll edəcək".

Xaçmaz təcili tibbi yardım stansiyasının baş həkimi Kavus Əliyev həkim çatışmazlığına baxmayaraq kollektivin ilk tibbi yardıma ehtiyacı olan rayon sakinlərinə nümunəvi xidmət göstərdiklərini söylədi.