Azərbaycan təhsilinin üz qarası - FOTO

13 Sentyabr, 2017 15:08 | Sosial | Baxış sayı: 389
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi

Mənimsənilən pullar dərslərin başlanmasını ləngidir

"Hamı verdiyi sözə əməl etsəydi, dağlar da qızıldan olardı".

Bu sözlər İstiPress-in daimi mövzusu olan Qubanın Zərqava kənd məktəbinin bərpasını gecikdirən tikinti təşkilatının rəhbəri Nadir Quliyevə məxsusdur. Neçə vaxtdır sorğumuzu cavablandırmayan Nadir müəllim axır ki, danışıb. O Zərqava kənd məktəbinin bərpasının gecikməsini hava şəraiti ilə əlaqələndirib. Dedi ki, hava şəraitinə görə gecikmə olub. Əslində havaların isti keçdiyi yay günlərində bu tikintidə təşkilatın heç bir nümayəndəsi görünməyib. Gecikmə necə hava şəraiti ilə əlaqəli ola bilər onda?

Nazirlər Kabinetinin ayırdığı 570 min manat dövlət vəsaitinin taleyini soruşduqda isə Nadir Quliyev gecikən məktəbin bərpası üçün pul vəsaitinin də, işçi qüvvəsinin də olduğunu dedi. Sual olunur: bəs onda bu məktəb niyə sentyabrın 15-ə hazır olmadı?Zərqavalı uşaqlara bilik gününün sevincini yaşamaq yasaq olub bəyəm?                        

Nəhayət, neçə aydan sonra tikinti təşkilatı verdiyi bir sözə əməl edərək məktəbin pəncərə və şüşələrini kəndə gətirib. Ustalar son 4 gündə pəncərə şüşələrini salmaqla məşğul olacaqlar. Amma, yenə "əmma"lar var. Birinci mərtəbənin camaatın qüvvəsilə hazırlanan 8 otağının döşəməsi də düzəldilib.              

Nadir Quliyev ona da söz verdi ki, Zərqava məktəbi sentyabrın sonuna tam hazır olacaq.

Zərqava məktəbinin bərpasında Nadir Quliyevdən çox narahat olan Quba icra başçısının Zərqava İƏD üzrə nümayəndəsi Fərman Tahirov isə bildirdi ki, sentyabrın 15-nə yox, 18-nə birinci mərtəbəni hazır edərik, bir şərtlə ki, sinif otaqlarının döşəməsi hazır  olsun. 

Aytəkin Alxaslı - İstiPress-in Şimal bürosu