I sinif üçün 45 minlik sorğu var

13 İyun, 2019 11:10 | Sosial | Baxış sayı: 28
Birinci sinif şagirdləri
Birinci sinif şagirdləri

3 445 nəfər lisey və gimnaziyaları seçib

2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

I sinfə qəbul prosesində yenilik də olub. 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.

Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.