Nazir "Son zəng"lə bağlı əmr verdi

13 İyun, 2018 13:35 | Sosial | Baxış sayı: 157
"Son zəng"
"Son zəng"

Sabah 83 min şagird 11-ci sinfi bitirir

Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb. Əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. 

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

Xatırladaq ki, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.