Sabah 28919 şagird gələcəyini müəyyən edəcək

13 Aprel, 2019 14:30 | Sosial | Baxış sayı: 87
İmtahan
İmtahan

27 şəhər və rayonda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək

Sabah 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək. Ümumilikdə 28919 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-  imtahana buraxılış vərəqəsini;

-  şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq