Yolları böyük təhlükədən xilas edirlər

13 Aprel, 2018 18:18 | Sosial | Baxış sayı: 260
Quba-Xaçmaz yolunda kəsilmiş ağaclar
Quba-Xaçmaz yolunda kəsilmiş ağaclar

İstismar müddəti bitmiş, quruyub fəaliyyətdən qalmış ağacların magistral yollarda təhlükə mənbəyi olması hər birimizə məlumdur. Küləkli, qarlı havalarda qırılıb yola düşmüş ağaclar avtomobillərin hərəkətinə və piyadaların keçidinə mütəmadi olaraq problem və çətinlik yaradıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, artıq Quba-Xaçmaz yolunda bu problemin həlli istiqamətində işlərə başlanılıb. Müşahidə etdik ki, intensiv hərəkətin mövcud olduğu bu yolda təhlükəli, fəaliyyətsiz ağacların budanmasına və qırılmasına  start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsindən verilən məlumata görə, bu problem illərdir ki, mövcuddur. Bu yolda 500-ə yaxın təhlükəli ağac var, təbii hadisələrdə dəfələrlə yollara, avtomobillərin üzərinə təhlükəli ağacların qırılıb düşməsi halları müşahidə olunub. DİN bununla bağlı baş nazirin müavini Abid Şərifova rəsmi müraciət edib,Ekologiya Nazirliyinin Ekspertiza İdarəsi Quba-Xaçmaz yolundakı bəzi ağacların qırılması və budanması barədə qərar da verib.

Amma təəssüf ki, bir ildən çox idi ki, Nazirlər Kabinetinin göstərişi olsa da təhlükəli ağacların kəsilməsi məsələsi yubanırdı. İlan ulduz görməsə, ölməz, belə yerdə deyiblər.  Qubanın icra başçısı Ziyəddin Əliyev bu yoldakı vəziyyəti yerində görüb baxış keçirdikdən sonra həmin işin canlanmasına göstəriş verib. Ziyəddin Əliyevin hər hansı faciə baş verməmiş qurumuş ağacların kəsilməsi barədə verdiyi göstəriş artıq icra olunmağa başlayıb.

Xaçmaz 5 saylı ərazi ekologiya idarəsinin məlumatına görə, 4-cü gündür ki, Quba-Xaçmaz yolunda çinar, akasiya, qoz kimi müxtəlif cinclərdən olan 329 ağacın  budanması, 139 qurumuş ağacın kəsilməsi işləri görülür.

Nazirlər Kabinetinin DİN-in müraciəti əsasında avtomobil yollarında qəzalara şərait yaradan  ağacların kəsilməsi barədəki qərarı  bütün ölkə yollarını əhatə edir. Analoji tədbirlər respublikanın Xudat- Qusar, İsmayıllı - Şəki avtomobil yollarında da həyata keçirilir. Quba-Xaçmaz yolunda kəsilmiş ağacların yerində yeni yaşıllıq salınması, yollar üçün xarakterik olan xüsusi ağacların əkilməsi planlaşdırılır.