Gecə Bakıda dindarların toplaşdığı məsciddə nə baş verib? - VİDEO

13 Aprel, 2017 16:32 | Sosial | Baxış sayı: 987
Hacı Cavad məscidinin qarşısı
Hacı Cavad məscidinin qarşısı

Bakının kəndlərindən, Gəncədən dindarlar "Sovetski"yə gəliblər

Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən “Hacı Cavad” məscidinin sökülməsinə etiraz edən dindarlar ərazini hələ də tərk etməyiblər.

İstiPress-in əməkdaşının hadisə yerinə baş çəkməsi nəticəsində məlum olub ki, etirazçılar gecəni növbəli şəkildə məscidin ətrafında keçiriblər.

Dindarların dediyinə görə, məscidə elektrik enerjisi və suyun verilişi bərpa olunub. Gecə məscidin həyətinə toplaşan dindarlar uşuməmək üçün ocaq qalayaraq ətrafına toplaşıblar.

Polis heç bir müdaxilə etməyib. Namaza gələn dindarların sayı həmişəkindən dəfələrlə çox olub. Belə ki, Bakının müxtəlif kəndlərindən, o cümlədən Gəncədən dindarlar Hacı Cavad məscidinə gəliblər.

Dindar Müseyib İsmayılov İstiPress-ə bildirib  ki, yeni məscid tikilənə qədər hər gün növbəli şəkildə bura gələcəklər.

"Hacı Cavad" məscidi dini icmasının sədri Kənan Əzizov isə bildirib ki, yeni məscid inşa edildikdən sonra bu məscid söküləcək.

“Hazırda danışıqlar gedir. Prezidentin sərəncamı ilə komissiya yaradılıb. Etimadımız büdur ki, inşallah müsbət nəticə olacaq”, - deyə Kənan Əzizov bildirib.

Xatırladaq ki, ötən gün “Hacı Cavad” məscidinin sökülmək cəhdi etirazlara səbəb olub. Məscidin sökülməsi xəbərindən narahat olan insanlar binanın ətrafına toplaşıblar. Ərazidə yüzlərlə sakin toplaşıb, post-patrul avtomobilləri də məscidin ətrafını sarıb.

Sakinlər deyiblər ki, yaxınlıqdakı "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi bu yaxınlarda gecə ilə qəfil sökülüb, bu səbəbdən “Hacı Cavad” məscidinin də qəfil söküləcəyi onları narahat edib.

Qeyd edək ki, aprelin 12-də baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisə yerinə gəliblər. İ.Mehdiyev "Hacı Cavad" məscidinin söküntüsünün müvəqqəti dayandırıldığını bildirib.