I siniflərin məktəb seçimi başlayır

13 Mart, 2020 09:04 | Sosial | Baxış sayı: 107
Birinci sinif şagirdləri
Birinci sinif şagirdləri

Elektron qeydiyyat 3 gün öncə başlamışdı

Bu gün birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır. Martın 10-u saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı idilər. 

2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Məktəbəqədər hazırlıq keçməyən uşaqların qeyri dildə tədrisə qəbul edilməsi həmin dildəki nitq qabiliyyətinin yoxlandığı müsahibənin nəticələrinə görə aparılır. Belə uşaqlar üçün müsahibələr aprelin 1-dən başlayacaq.

Məlum olduğu kimi, Bakıda bəzi valideynlər övladlarını yaşayış yerindən aralıdakı məktəbə düzəltməyə çalışırlar. Belə valideynlər bilməlidir ki, məktəbə qəbul zamanı yaxınlıqda yaşayan (rəsmi qeydiyyata əsasən), valideynlərindən birinin məktəbdə işlədiyi, qardaşı və ya bacısı məktəbdə oxuyan uşaqlara üstünlük verilir. Məktəbdən uzaqda yaşayan uşaq bu şərtlərin heç birinə uyğun gəlmirsə, adı ehtiyat siyahısına salınır. Bu siyahıda adı birinci olaraq qeyd olunmuş uşağın məktəbdə boş yer açıldıqda oraya qəbul olunmaq üçün daha çox şansı var.