Koronovirus rekord vurdu - 1368 ölü

13 Fevral, 2020 09:11 | Sosial | Baxış sayı: 34
Çində təcili yardım maşınları
Çində təcili yardım maşınları

Virusdan bir gündə ölənlərin sayı rekord vurub

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virus səbəbindən ölənlərin sayı isə 1368 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına görə, ötən gün ərzində 254 ölüm faktı baş verib. Bu, virus yayılmağa başlayandan gün ərzində qeydə alınan ən böyük rəqəmdir.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayında dəyişiklik yoxdur- 16 min nəfər. İndiyədək 5 min 917 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölüm hallarının 1310-u virusun aşkarlandığı və ən çox yayıldığı (48 min 206 nəfər) Xubey vilayətində qeydə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 450 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.