Azərbaycan əlilllərlə bağlı xüsusi proqram hazırlayır

13 Fevral, 2018 18:05 | Sosial | Baxış sayı: 171
Milli Məclis
Milli Məclis

Bu gün Milli Məclisin plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İstiPress-in məlumatına görə, qanun layihəsi barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliməlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanacaq.

Layihədə bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur. FRP-nın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Proqramda uşaqların erkən, habelə sonrakı yaş həddində sosial psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.

Layihədə qeyd olunub ki, dövlət müəssisələri, idarələri və təşkilatları FRP-nın icrasını təmin etməlidir.

Bundan başqa, Azərbaycanda inklüziv təhsil (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili) sistemi də qanunla təsbit olunur. Yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 1-ci maddəsində inklüziv təhsil əsas anlayış kimi verilib. Qanun layihəsinin 20-ci maddəsində isə bildirilir ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və ya inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir.

Eyni zamanda, qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.

Yeni qanun layihəsinə görə, Azərbaycanda bütün tikililərə (yaşayış və qeyri yaşayış) əlillərlə bağlı əlavə dizayn da veriləcək. Qanun layihəsində “universal dizayn” kimi təsbit olunan anlayışla ifadə olunur ki, yaşayış binalarında, ofis və iaşə obyektlərində əlillərin yaşayış və hərəkəti üçün icbari xüsusi dizayn verilməlidir.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.