Azərbaycanın ən məşhur kəndinə çəkilən yeni unikal yol

12 Oktyabr, 2018 18:25 | Sosial | Baxış sayı: 427

Prezident İlham Əliyevin Qubaya səfərindən dərhal  sonra Susay -Xınalıq yolunun tikuntisilə bağlı verdiyi sərəncamın icrasına başlanılıb.

İstiPress-in şimal bürosuna bu barədə Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, unikal dağ kəndi Xınalığa yeni yol çəkilməsi təşəbbüsü prezidentin özündən gəlib: "Prezident İlham Əliyev məşhur Xınalıq kəndinə alternativ yol çəkilməsini məsləhət bildi və bizə təkliflərimizi hazırlamağı tapşırdı. Biz də Susay kəndindən Xınalığa yol çəkilməsi barədə real şəraitlə bağlı məlumat hazırladıq. Təklifimizi cənab prezident bəyəndi və Qubaya səfəri günü bu yolun çəkilməsindən ötrü sərəncam verdi". 

Ziyəddin Əliyev məlumat verdi ki, uzunluğu 57 km olacaq Susay-Xınalıq yolunun artıq Alpan kəndindən çəkilməsi üçün hazırlıq işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin rayon şöbəsi artıq yolun torpaq qatının hazırlığına başlayıb, agentliyin rəhbəri Saleh Məmmədov bu barədə göstəriş verib. Quba İH başçısının açıqlamasına görə, hava şəraiti imksn verdiyi qədər payız-qış aylarında müəyyən işlər görüləcək və 2019-cu ilin yaz aylarından yol çəkilişi davam etdiriləcək.

Ziyəddin Əliyev hesab edir ki, ölkə başçısının 2350 metr hündürlükdə yerləşən Xınalıq kəndinə yeni yol çəkilməsi barədəki sərəncamı çox təqdirəlayiq qiymətləndirilməlidir. Azərbaycanın bu məşhur kəndinə alternativ yol inşa edilməsinin əhəmiyyəti böyükdür. Həm iqtisadi, həm turizmin inkişafı baxımından bu yol un başa çatması çox möhtəşəm layihələrdən biri kimi tarixə düşəcək. Məlumata görə, Azərbaycanda ilk dəfə olaraq Susay kəndindən 11 km sonra unikal Balta qayanın ətəyindən 2650 metr hündürlükdə çox möhtəşəm yol çəkiləcək. Bu da Xınalığa gələn turistlərin operativ olaraq mənzil başına çatmasına, turizmin daha da inkişaf etməsinə səbəb olacaq. Xüsusən Qusarın Şahdağ  kompleksinə gələn əcnəbi və yerli turistlərin Xınalığa daha asan və maneəsiz getməsinə şərait yaradacaq. Yeni yolun çəkilməsilə uzun müddətdir istifadə edilməyən torpaqların istifadə edilməsinə də start veriləcək.

Xınalıq kəndinin ərazisində DSX-nin eyni adlı sərhəd zastavasının yerləşməsini,qış aylarında indiki,10 illik yolun sürüşmə və ya qar uçqunu nəticəsində bağlanmasını nəzərə alsaq, yeni çəkiləcək yolun strateji əhəmiyyəti də böyükdür. Rayonun Alpan, Gədik, Gərey, Uzunmeşə, Qəleyxudat kəndlərinin ərazisindən keçməklə inşa olunacaq Susay-Xınalıq yolunun çəkilişi, sanki Qubanın 2-ci şah-aorta qan damarı deməkdir, çünki möhtəşəm layihənin ardınca bu istiqamətdə bir sıra digər mühüm layihələr də icra olunacaq.

Bu yolun çəkilişi turistlərin məşhur Şahdağ qış-yay turizm kompleksinə daha çox getməsini də reallaşdıracaq. Çünki gələcəkdə Susay kəndindən Qusarın Şahdağın yaxınlığındakı dağlıq Ləzə kəndinə də yeni yol çəkilə bilər.