Məktəb tikintisi aparan təşkilat rəhbəri yoxa çıxdı

12 Oktyabr, 2017 17:30 | Sosial | Baxış sayı: 184
Zərqava
Zərqava

Azərbaycanın başıbəlalı məktəbi barədə xəbər var

Azərbaycanın ən başıbəlalı, bərpası gecikən Zərqava məktəbindən xəbər var. Yerli sakinlərin bildirdiyinə görə, camaatın və icra nümayəndəliyinin iş qüvvəsi ilə, daxili imkanlar hesabına məktəbin 1-ci mərtəbəsindəki sinif otaqları artıq normal hala gətirilib, döşəmə və qapı-pəncərələr salınıb. Amma çatışmazlıq yenə var. Birinci mərtəbədəki sinif otaqlarına yeni mebel və inventarlar gətirilməyib ki, köhnə klub binasında "canı çıxan" şagirdlər və müəllimlər bura köçürülsün.

Quba icra başçısının Zərqava İƏD üzrə nümayəndəsi Fərman Tahirov İstiPress-ə məlumat verdi ki, çətinliklə 1-ci mərtəbəni öz xərcimizlə, daxili imkanlar hesabına hazır etmişik, camaat işləyib, amma mebel hələ gətirilməyib, siyahını vermişik. Fərman Tahirovun sözlərinə görə, məktəbin bərpasını aparan tikinti təşkilatının rəhbəri Nadir Quliyevlə bir aydır əlaqə saxlamaq mümkün deyil, tapa bilmirik.

Quba icra hakimiyyətinin başçısı, İstiPress-i bir neçə vaxtdır qəbul etməyən Yaşar Məmmədovla, onun təhsil üzrə müavini Rəxşəndə Bayramova ilə yenə əlaqə saxlaya bilmədik. Onlardan fərqli olaraq mətbuata açıq olan Quba təhsil şöbəsinin müdiri Loğman Müslümov Zərqava məktəbi ilə bağlı sorğumuzu cavablandırdı.

Onun sözlərinə görə, məktəbin 1-ci mərtəbəsi hazırdır, tikinti təşkilatından səs-soraq çıxmadığını görüb Təhsil Nazirliyinə tam komplektləşdirmə ilə bağlı sifariş edilib. Loğman müəllim hesab edir ki, noyabrın 1-dək yəqin bu işlər hazır olacaq, şagirdləri 1-ci mərtəbəyə köçürmək mümkün olacaq.

Amma sual olunur ki, adı olub,işi olmayan tikinti təşkilatı hardadır? Dövlətin ayırdığı  vəsaitin taleyi necə oldu?

Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu