Təhsil Nazirliyi sorğu qəbulunu dayandırır

12 Sentyabr, 2019 17:04 | Sosial | Baxış sayı: 1009
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Fasilə yeni tədris il və siniflərin komplektləşdirilməsi ilə bağlıdır

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabrdan 15 oktyabr tarixinə qədər dayandırılacaq. Bununla yanaşı 15 sentyabr tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46,173 müraciət daxil olub. Onlardan 42,196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.