Metronun yeni stansiyasının açılış vaxtı bilindi

12 Sentyabr, 2019 13:24 | Sosial | Baxış sayı: 188
Metro
Metro

"B3" Hərbi Hospitalın yanında inşaa edilib

Bakı metrosunda şərti adı “B3” olan stansiyasının açılışı yubana bilər.  Bu barədə “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin şərti adı "B3" olan stansiyada tikintisində tamamlanma işləri davam edir: “Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa gələn il stansiyanın açılışı gözlənilə bilər".

Qeyd edək ki, şərti adı "B3" olan və Bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir. 

Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. Gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq.

Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.