Maşında bu dərmanlar olmalıdır SİYAHI

12 Sentyabr, 2019 10:30 | Sosial | Baxış sayı: 370
Dərman qutusu
Dərman qutusu

Nəqliyyat vasitələrində saxlanılması vacib olan dərman qutusunun tərkibi müəyyənləşib

Nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşib. Baş nazir “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.

Qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.

Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Qərarda dərman və odsöndürəndən istifadə qaydaları, habelə xəsarət zamanı göstəriləcək ilkin tibbi yardımla bağlı zəruri məsələlələr müəyyənləşdirilib.

Dərman qutusundakı hər hansı dərman vasitəsi tam istifadə edildikdə, dərman vasitəsinin komplektləşdirmə qabı zədələndikdə, habelə dərman vasitəsinin yararlılıq müddəti bitdikdə, yerinə yenisi qoyulmalıdır.

Dərman qutusu nəqliyyat vasitəsində elə yerdə saxlanılmalıdır ki, ətraf mühitin təsiri (günəş şüaları və s.) onun içindəki dərman vasitələrinə zərər yetirməsin. Dərman qutusu şüşə və digər tezsınan qablaşdırmada olan dərman vasitələrinin qorunmasını təmin etməlidir.

İlk tibbi yardımın göstərilməsi zamanı bütün hərəkətlər tibbi əlcəklərdən istifadə edilməklə aparılmalıdır.

Ətraflarda böyük (əsas) arteriyadan arterial qanaxma halında, qanaxma nöqtələrinə barmaqlarla basaraq yara sahəsindən yuxarı hissədə bazu və ya bud nahiyəsinə jqut sarınmalı, jqut qanaxma dayanan həddə kimi sıxılmalı və fiksə edilməli, jqutun sarınma vaxtı qeydə alınmalı və yaranın üzəri steril salfetlə örtülərək steril bintlə sarğı qoyulmalıdır;

Yara olduğu halda, steril salfet və bintdən istifadə edilməklə yaranın üzəri sıx sarınmalı, qanaxma olmadıqda və sıx sarğının tətbiqinə imkan olmadıqda yaranın üzərinə steril salfet 4 qoyularaq leykoplastrla yapışdırılmalıdır.

Mikrotravmaların üzərinə bakterisid leykoplastr yapışdırılmalıdır;

Xəsarət alan şəxs müstəqil nəfəs almadıqda, steril salfetdən istifadə edilməklə ona süni tənəffüs verilməlidir.