Azərbaycanda yardım alan uşaqların sayı açıqlandı SXEM

12 Sentyabr, 2019 11:30 | Sosial | Baxış sayı: 111
Uşaq pulu
Uşaq pulu

35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə müavinət ödənilir

Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. 

Hazırda nazirlik tərəfindən ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır. Həmçinin yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib.

O cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası  ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir.

Ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.

Bununla bərabər, sosial islahatlar paketinin tərkib hissəsi kimi, uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırılıb: sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 2,4 dəfə artırılmaqla 200 manata çatdırılıb. Onlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla yanaşı, həmin uşaqlara qulluq edənlər üçün 50 manat məbləğində aylıq təqaüd təsis edilib. Həmçinin beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət  109 manatdan 200 manata çatdırılıb.