Azərbaycanda elektron reseptlə dərman alacaq xəstələr açıqlandı

12 Sentyabr, 2018 09:10 | Sosial | Baxış sayı: 71
Aptek satıcısı
Aptek satıcısı

Xəstələr dərmanlarını müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur. Bunu trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır. Artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq.

Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar. Hesab edirik ki, dərmanların elektron reseptlə verilməsi şəffaflığın artırılmasına xidmət edəcək".

Hazırda Bakıdakı şəkərli diabet xəstələri elektron reseptlərlə dərman alırlar. Onlar elektron sağlamlıq kartlarına yazılan elektron reseptləri ilə imtiyazlı apteklərdən dərmanlarını ala bilirlər.