Qubada əkin sahələri tələf olur - FOTO

12 Avqust, 2017 16:42 | Sosial | Baxış sayı: 180
Məhv olan əkin sahələri
Məhv olan əkin sahələri

Fermerlər həyəcan təbili çalır

Havaların isti keçdiyi bu günlərdə susuzluq xəbərini bu dəfə Qubanın Mirzəqışlaq kəndinin sakinlərindən aldıq. Bu ərazidə tərəvəz məhsulları əkən sakinlər sahələrinin susuzluqdan tamamilə tələf olduğunu, ilboyu çəkdikləri xərc və zəhmətin hədər getdiyini deyirlər. Onların sözlərinə görə, tərəvəz sahələrindən götürəcəkləri məhsuldan nəinki xeyir əldə edirlər, hətta xeyli miqdarda ziyana düşürlər.

Qubanın Rustov kəndinin bu ərazidə 25 sotluq sahədə pomidor əkən sakini Aydın Adıgözəlov deyir ki, indiyəcən bu sahəyə 1193 manat xərc çəkib. İndi məhsul yetişən vaxtda suvarma suyunun olmaması, Samur-Abşeron kanalından Mirzəqışlaq kəndinə 1 kubmetr belə su verilməməsi əkin sahələrinin cızdağını çıxarıb, min bir əziyyətlə yetişdirilən tərəvəz bitkisi su yoxluğundan qovrulub yanıb.                        

Aydın Adıgözəlov kimi sahəsi alışıb yanan fermerlər belə vəziyyətdən çox narahatdırlar. Samur-Abşeron kanalından qidalanan və kanal boyu ərazilərdə tərəvəz və bostan əkən sakinlər məhsullarının zay və yararsız olduğundan, heç bir xeyir-mənfəət götürmədiklərini deyirlər. Bu məsələnin həllində rayonun əlaqədar qurumlarından heç bir kömək görmədiyini deyən sakinlər suvarma suyunun düzgün bölüşdürülməsini, məsələyə əncam çəkilməsini tələb edirlər.                        

Qubalı fermerlərin suvarma suyu şikayətilə bağlı rəsmi qurumlardan hər hansı məlumat ala bilmədik. Quba suvarma sistemləri idarəsinin rəisi olan Nazir Dadaşovla gün ərzində əlaqə saxlamaq cəhdlərimiz isə alnmadı. Meliorasiya və Su Təsərrüfatı SC-nin Samur-Abşeron kanalının istismar idarəsinin rəisi Zakir Rüstəmovu da gün ərzində tapmaq mümkün olmadı.

Samur-Abşeron kanalının baş hidrotexniki Abdulrəhim Hacıyev məsələyə aydınlıq gətirdi. Cənab Hacıyev bildirdi ki, quraqlıq və isti hava səbəbindən Samur çayında su lap azalıb, indi çayda 15 kubmetr su var, onun 5 kubmetri Xəzər dənizinə, Rusiya və Azərbaycan hökumətləri arasında 2010-cu il 3 sentyabrda bağlanılmış sazişə əsasən 5 kubmetr Dağıstana, 5 kubmetr isə Azərbaycana verilir. Samur-Abşeron kanalına verilən 5 kubmetr su ilə yalnız 4-5 min hektar sahəni suvarmaq mümkün olur. Halbuki, kanalın suvarma əhatəsi 100 min hektar sahə təşkil edir.

Belə görünür ki, indi şimalın 95 000 hektar sahəsi susuzlıqdan yanıb tələf olur. Hələ nəzərə alsaq ki, Samur çayından növbəlilik əsasında şimal rayonlarının bir hissəsini qidalandıran Xanarx kanalına da su ötürülür, onda vəziyyətin nə qədər gərgin olması başa düşüləndir. Şimalda minlərlə hektar əkin sahəsi susuzluğun qurbanına çevrilib. Ərzaq bolluğu yaradan kənd adamlarına şərait yaratmalı olan məmurlar çıxış yolunu, görəsən, nədə görür? Axı, prezident İlham Əliyev sonuncu keçirdiyi müşavirədə əlaqədar rəhbər işçilərə fermerlərin suvarma suyu problemini həll etmək üçün xüsusi tapşırıq verib.

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu