Dağ çayı kəndi körpüsüz qoydu - VİDEO

12 May, 2020 16:18 | Sosial | Baxış sayı: 149

Kənddaxili gediş-gəlişdə ciddi problemləri yaşanıb

Qubada təbii fəlakət fəlakət dalınca gəlir. Son günlər yağan intensiv leysan yağışları rayonda daha iki körpünü zədələyərək bərbad kökə salıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Şabrançayın Qubanın Çiçi kəndindən gələn bir qolu üstündə Çayqışlaq kəndində sakinlərin qurduğu körpü uçub. Sakinlərin kənddaxili gediş-gəlişində ciddi problemləri yaşanıb.

Quba İH başçısı Ziyəddin Əliyev uçmuş körpüyə baxış keçirib, yerli sakinlərlə söhbətləşib. Görüşdə FHN-nin mütəxəssisləri və Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin rayon yol istismar idarəsinin nümayəndələri də iştirak edib.

İlkin araşdırma nəticəsində məlum olub ki, Çayqışlaq kəndində körpü sakinlərin köməyilə uzunluğu 12, eni 1,5 metr olan 2 plitə üzərində qurulub. Güclü sel blokların altını yuyub, körpü çöküb.

Rayon rəhbəri mütəxəssislərlə birgə məsləhətləşmələr aparıb.Körpünün hansı formada bərpa ediləcəyi barədə yekun qərar qəbul ediləndən sonra dərhal işlərə start veriləcək.

Rayonda Cağacuqçayın -Qam-qam kəndi ərazisindəki körpü də seldən zərər çəkib. Rayon İH başçısı Ziyəddin Əliyev bu körpüyə də baxış keçirib və öz tapşırıqlarını verib. Artıq bu körpüdə bərpa işləri görülərək gediş-gəliş bərpa edilib.

Quba FHK sədri Allahverdi Xudaverdiyev artıq Cağacuqçayın Xanəgah kəndində selin uçurduğu iki körpünün bərpasına başlanıldığını deyib. Buradakı 2 körpü indi betondan olacaq.