"Sovetski" məscidi barədə açıqlama - "Lazım gələrsə..."

12 Aprel, 2017 13:27 | Sosial | Baxış sayı: 188
 Hacı Cavad məscidi
Hacı Cavad məscidi

"O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Sovetski”də 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, o, deyib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də, orada iş aparılır.

Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə, sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: “O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa, fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

Bu gün Hacı Cavad məscidini sökmək üçün əraziyə texnika cəlb edilib. Lakin "Sovetski" sakinləri məscidin tökülməsinin qarşısını almaq üçün əraziyə toplaşıb, hətta binaya daxil olublar. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar olmadığını bildirib. O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib."Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir".