Prezident uşaq pulu ilə bağlı tapşırıq verdi

12 Mart, 2019 11:28 | Sosial | Baxış sayı: 3478
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

3 yaşa qədər uşaqların müavinətinin artırılmasına baxılacaq

"Dövlət başçısı tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. "Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir.

Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir".

O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib. İstiPress-in məlumatına görə, mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir:

“3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 
Digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür".