Universitet rektorun işdən çıxardığı dekanla bağlı açıqlama yaydı

12 Fevral, 2019 12:51 | Sosial | Baxış sayı: 265
Vüsalə Ağabəyli
Vüsalə Ağabəyli

"Rektoryanı Şurada etik davranış qaydalarını pozub"

Azərbaycan Dillər Universiteti keçmiş dekan Vüsalə Ağabəylinin ittihamları ilə bağlı bəyanat yayıb. 

İstiPress-in məlumatına görə, ADU rəhbərliyi filologiya və jurnalistika fakültəsinin dekanlığına tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar dekabrın 18-də komissiya yaradıb.

Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı müəyyən olunub.

Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıb. Bundan əlavə, V.Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qərar qəbul edib.  

Açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna görə V. Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib.

Son olaraq, yekun rəyə əsasən universitetin rektoru Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5 ştat üzrə baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.