Qış havası geri qayıdır - qar yağacaq, yollar buz bağlayacaq

12 Yanvar, 2018 13:30 | Sosial | Baxış sayı: 982
Buzlu yol
Buzlu yol

Soyuq hava ayın 17-dək davam edəcək

Hava qeyri-sabit olacaq. İstiPress-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.